Fransanın Nant şəhərində yerləşən "Qarabağ" Azərbaycan məktəbində Xocalı soyqırımı ilə bağlı maarifləndirici tədbir keçirilib.
Bu ölkədəki Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyilə dərslərdən biri Xocalı mövzusuna həsr olunub. Azərbaycan Gənclər Fondunun "Xaricdə Təhsil Proqramı"nın qalibi kimi Fransada təhsilini davam etdirən Fərid Muradov məktəb şagirdlərinə Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, qeyd edib ki, bu mövzuya müraciət etməkdə əsas məqsəd xaricdə yaşayan kiçik yaşlı övladlarımıza Azərbaycan tarixinin öyrədilməsi və onların vətənpərvərlik ruhunda yetişdirilməsidir.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən bütün dünyada "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının aparıldığı da vurğulanıb.
Xatırladaq ki, bu məktəb ötən ilin aprel ayında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.