Sankt-Peterburqda anım tədbiri təşkil edilib

02.03.2020

Rusiyanın Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkil etdiyi mərasimdə Rusiyanın şimal paytaxtının ictimai-siyasi xadimləri, diplomatik korpusun, diaspor təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə ölkəmizin Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov çıxış edərək 28 il öncə xalqımızın tarixində baş vermiş dəhşətli faciədən ətraflı danışıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb: "Dinc əhali xüsusi qəddarlıqla məhv edilib, bu, Azərbaycan xalqının əsl soyqırımı olub".

Diplomat xatırladıb ki, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada "Xocalıya ədalət!" kampaniyası çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Məqsəd – beynəlxalq ictimaiyyətə Xocalıda baş verənlər barədə ətraflı məlumat verməkdir. Tarixi həqiqətlərin doğru-dürüst əks olunmasının və bu dəhşətli cinayəti törədənlərin mühakimə olunmasının vacibliyi qeyd olunub.

Tədbirdə Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişov və digər diaspor təşkilatlarının rəhbərləri də çıxış ediblər.