Fevralın 28–29-da Kiyevdə "Şərqi və Mərkəzi Avropada islam təhsili: tarixi xüsusiyyətlər və müasir perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir şərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti, araşdırmaçı alim Teymur Atayevin "Bugünkü həyatın çərxi-fələyində inanclı olmaq... Çətindir? Asandır? Mümkündür?" kitabının təqdimat mərasimi təşkil edilib. Kitabda islam birliyinin müasir durumunun problemləri əks olunub.
Təqdimat mərasimində Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, sədr müavini Murad Cəfərov və Kiyevdəki azərbaycanlı icmanın üzvləri iştirak ediblər.
Tədbirdə çıxışı zamanı müəllif monoqrafiyanın yaranması tarixindən, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət və həyata keçirilən islahatlardan danışıb. Qeyd edilib ki, Azərbaycana xas olan multikulturalizm ideyaları ölkədə dini mühiti səciyyələndirir.
Azərbaycan diasporu fəallarının tədbirdə iştirakına diqqəti cəlb edən müəllif qeyd edib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən Ukrayna azərbaycanlıları iki ölkə arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin mühüm özəyidir.
Tədbir sualların cavablandırılması və imza mərasimi ilə yekunlaşıb.