Əskişəhərdə "XX əsrin Faciəsi – Xocalı soyqırımı" adlı tədbir keçirilib

02.03.2020

Türkiyənin Əskişəhərdəki Anadolu Universitetində "XX əsrin Faciəsi – Xocalı soyqırımı" adlı anım tədbiri keçirilib.

Əskişəhər Azərbaycanlılar Dərnəyi, Türk Dünyası Araşdırmaları Klubu və tələbələrin birgə təşkil etdikləri tədbirdə Xocalı soyqırımı qurbanları da daxil olmaqla Türk Dünyası şəhidləri bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbirdə Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, sədr müavini Sirac Yaguboğlu və başqaları çıxış edərək, Xocalıda baş verənlərin BMT-nin Soyqırım konvensiyasına tamamilə uyğun olduğunu, qətliam deyil, soyqırım ifadəsinin işlədilməsinin daha doğru olduğunu deyiblər. Ermənilərin Azərbaycana çar Rusiyası tərəfindən köçürüldüyünü xatırladan natiqlər SSRİ-nin dağılması ərəfəsində Qarabağda erməni vəhşiliklərinin artdığını, hadisələrin Azərbaycanın bu bölgəsində və Xocalıda yüzlərlə insanın qətlə yetirilməsi, torpaqların işğal olunması ilə nəticələndiyini deyiblər.

Universitetin tələbələri Zahir Hacızadə, Cansu Çalı, Nilufar Həsənova, Səxavət Dadaşov və Batuhan Atış görkəmli şairlər Cabir Novruzun "Daha dəhşət", Haşim Kalenderin "Erməniyiz deyənlər səs vermiyor bu ara", Sərdar Zeynalın "Xocalı", Zəlimxan Yaqubun "Sizi qınamıram, ay Xocalılar", Məmməd Arazın "Ayağa qalx, Azərbaycan!" şeirlərini səsləndiriblər.