Yunanıstanın Saloniki şəhərində "Xocalı soyqırımını unutma!" adlı anım mərasimi keçirilib.
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin gerçəkləşdirdiyi tədbirdə Türkiyənin Saloniki şəhərindəki Baş konsulu Efe Ceylan və türk diplomatları, Gürcüstan konsulluğunun əməkdaşları, diaspor üzvlərimiz və tələbələr iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra cəmiyyətin sədri Rəşid Məmmədov çıxış edib. O, 1992-ci fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri Xocalı soyqırımı barədə geniş məlumat verib və bildirib ki, həmin tarixdə Azərbaycan xalqına qarşı əsl soyqırımı törədilib: "28 il keçməsinə baxmayaraq, beynəlxalq miqyasda Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməyib. O qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilmir, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların fundamental hüquqları bərpa edilmir və dünya birliyi buna hələ də susur. Xocalı soyqırımı Azərbaycan xalqının ən böyük ağrılarından biridir.....".
Sonra Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib, tədbir iştirakçılarına video materiallar və broşurlar təqdim olunub. Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri, fotolar, kitab və jurnallar nümayiş olunub.