ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunun yerli hakimiyyəti Xocalı soyqırımının tanınmasına dair rəsmi bəyannamə imzalayıb.
Bruklin meri Erik Adamsın imzaladığı 26 fevral 2020-ci il tarixli bəyannamə Azərbaycan-Amerika Qadınlar Assosiasiyasına təqdim edilib.
Qeyd edək ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb.
Xatırladaq ki, Azərbaycan şəhəri olan Xocalının dinc sakinlərinin erməni silahlı birləşmələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi ən qanlı faciə kimi tarixə düşüb. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın ağır texnikasının və şəxsi heyətinin köməyilə Xocalı şəhərini işğal ediblər. İşğal nəticəsində qadınlar, qocalar və uşaqlar da daxil olmaqla yüzlərlə dinc sakin həlak olub.