Azərbaycan diaspor təşkilatlarının və üzvlərinin Xocalı soyqırımına görə Avropanın müxtəlif ölkələrində etiraz aksiyaları keçirmələri erməni separatçılarını çox narahat etdiyindən, onlar təxribatlara əl atmağa cəhd göstəriblər.
Belə təxribatlardan birinin Azərbaycanın Niderland krallığındakı səfirliyinin önündə törədilməsinə cəhd olunub. Dağlıq Qarabağdakı qondarma və qeyri-qanuni terrorçu rejimi dəstəkləyən bir qrup erməni əsilli şəxs Haaqa şəhərində səfirliyimizin qarşısında piket keçirməyə cəhd göstərib, lakin Niderlanddakı diasporumuzun nümayəndələrinin layiqli cavabı ilə üzləşib.
Avropa Azərbaycanlıları Media Qrupu, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurası üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımına həsr olunmuş plakatları səfirliyimizin önünə düzüblər və 10 metr uzunluğunda Azərbaycan bayrağını ucaldıblar. Sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ ərazisinin Azərbaycana aid olduğunu dediyi səs yazısını səsgücləndirici vasitəsi ilə dəfələrlə səsləndiriblər. Bu addım ermənilərin məyus duruma düşmələrinə və gətirdikləri yalan dolu şüarları yerə ataraq, səfirliyin qarşısından uzaqlaşmalarına səbəb olub.
Aksiyanın təşkilatçısı – "Avropa Azərbaycanlıları Media Qrupu" təşkilatının sədri, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev bildirib ki, ermənilərin səfirliyimizə təkrar gəlmək cəhdinə yalnız belə cavablar veriləcək: "Ermənilər bilməlidirlər ki, artıq Niderlandda hər zaman Azərbaycanın maraqlarını qoruyacaq qüvvələr var".