Türkiyəli ziyalılar “Xocalı üçün danışaq” dedilər

02.03.2020

İstanbulda XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 28-ci ildönümnə həsr olunmuş müzakirələr təşkil olunub.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, “Yeni Çağ” Media qrupu ilə Azərbaycan-Türkiyə Evinin (ATEV) birgə təşkilatçılığı ilə İstanbul Universitetində “Xocalı üçün danışaq” adlı panel keçirilib.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri Anar Can Kıtay Xocalı soyqırımından bəhs edib, hər iki ölkədən panelə qatılan aydınlara öz təşəkkürünü bildirib.

Paneldə giriş sözü deyən Aqil Ələsgər 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımından danışaraq, bunu insanlığın faciəsi adlandırıb.

Daha sonra çıxış edən ATEV rəhbəri Tənzilə Rüstəmxanlı Türk dünyasının Xocalı soyqırımına daha həssaslıqla yanaşmasının vacibliyini vurğulayıb:

“Xocalıda ermənillərin 28 il əvvəl törətdikləri soyqırımının hədəfi və qurbanları sadəcə, azərbaycanlılar yox, həm də bütövlükdə Türk dünyasıdır. Türk adlanan hər bir kəs ermənilərin və onları himayə edənlərin hədəfindədir. Bizləri yox etmək, sıradan çıxarmaq üçün gecə-gündüz yeni-yeni planlar hazırlayıb dövrəyə buraxmaqdadırlar. Ona görə də, Xocalı soyqırımı kimi Türklərə qarşı törədilən bütün planlara münasibətimiz eyni olmalı, o planların gerçəkləşməməsi üçün sinəmizi birlikdə irəli verməliyik. Əks halda, bu, sonuncu faciəmiz olmayacaq”.

Tədbirdə çıxış edən Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, professor Nesrin Sarıahmetoğlu, gənc alim Aynur Hüseynova və başqaları Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirərək, diqqəti bu qətliamda əli olan hər kəsin cəzalandırılmasının vacibliyinə yönəldiblər. Natiqlər qeyd edib ki, Xocalı soyqırımı bütün Türk dünyasına, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Soyqırımın bütün dünyada tanıdılmasına yönəlik fəaliyyətin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Tədbir iştirakçıları gəncləri, tələbələri Xocalı soyqırımı ilə bağlı həqiqətlərin bütün dünyaya bəyan edilməsində sosial mediada daha aktiv olmağa çağırıblar.