Kiyevdə Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil olunub

28.02.2020

Ukraynanın paytaxtı Kiyev şəhərində "Xocalı faciəsi: tarixi müqəddimə, səbəblər, nəticələr və hüquqi qiymət" mövzusunda elmi konfrans keçirilib.

Ukrayna Azərbaycanlıları Radasının təşkil etdiyi tədbirdə ölkənin tanınmış elm xadimləri iştirak ediblər. Onların arasında UMEA-nın Kiyev Universitetinin rektoru Yuri Boşitski, Dünya Tarixi İnstitutunun direktoru Andrey Kudryaçenko, A.Krımski adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşları Olqa Mavrina, Natalya Zub və Oksana Vasilyuk, Ukrayna Yazıçıları Milli Birliyinin üzvü Oles Kulçinski, Ukrayna Alim Azərbaycanlılar Şurasının rəhbəri, hüquq elmləri doktoru, professor Arif Quliyev, Taras Şevçenko adına Kiyev Milli Universitetinin filologiya İnstitutunun dosenti, filologiya elmləri namizədi Zəminə Əliyeva və başqaları olublar.

Konfransda Ukraynanın fövqəladə və səlahiyyətli səfiri, UMEA-nın A.Krımski adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi əməkdaşı Yuri Koçubey, Azərbaycanın Ukraynadakı keçmiş səfiri, siyasi elmlər doktoru Tələt Əliyev, Milli Aviasiya Universitetinin professoru, tarix elmləri doktoru Viktor Kryukov, Ukrayna və Azərbaycan Ziyalıları Assambleyasının rəhbəri, tarix elmləri doktoru, professor Fərhad Turanlı və başqaları çıxış ediblər. Onlar Ukrayna və Azərbaycan arasında münasibətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və sair mövzulardan bəhs ediblər.

Konfrans iştirakçıları yekun nəticələr, eləcə də beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi və sair məsələlərlə bağlı məruzələrdə qaldırılmış problemlərin həlli məqsədilə Ukrayna Prezidentinə və Ukrayna Ali Radasının sədrinə müvafiq müraciət qəbul ediblər.