Litvada anım tədbirləri keçirilib

28.02.2020

Litvanın müxtəlif bölgələrində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Klaypeda şəhərindəki İ.Şimonaitytes adına dövlət kitabxanasında baş tutan anım mərasimində litvalı kinematoqrafçılar tərəfindən lentə alınmış “Sonsuz dəhliz” filminin təqdimatı olub. “Azeris” Klaypeda Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə soydaşlarımızla yanaşı, yerli ictimai-siyasi təşkilatların nümayəndələri, müxtəlif icmaların rəhbərləri, Vilnüs və Şiaulyaydan gələn qonaqlar iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə Litva Milli azlıqlar şurasında Klaypeda azərbaycanlılarının nümayəndəsi Rəna Məmmədova, filmin əsas qəhrəmanlarından olan litvalı jurnalist Riçardas Lapaitis, “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov çıxış ediblər. Natiqlər “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox yerlərində faciə qurbanlarının xatirəsinin yad olunduğunu, ermənilərin törətdikləri qırğınlara dünya ictimaiyyəti tərəfindən lazımi qiymət verilmədiyini diqqətə çatdırıblar.

Onlar “Sonsuz dəhliz” filminin ilk dəfə olaraq Klaypeda şəhərində nümayiş etdirilməsinin əhəmiyyətindən, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklərin Xatın, Srebrenitsa qətliamları ilə eyni sırada dayanmasından danışıblar. Xocalı soyqırımını törədənlərin hələ də cəzalandırılmadığı, lakin yaxın zamanda tarix qarşısında cavab verəcəklərinə əminlik bildirilib. Erməni vəhşiliklərini öz gözləri ilə gördüyünü deyən R.Lapaitis belə qətliamların bir daha təkrar olunmaması üçün dünya ictimaiyyətini susmamağa və biganə qalmamağa çağırıb.

Sonra “Sonsuz dəhliz” filmi nümayiş olunub.

Qeyd edək ki, Litvanın Kaunas və Şiaulyay şəhərlərində də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib. Vilnüs və Kaunas şəhərlərindəki məscidlərdə Xocalı şəhidlərinin ruhuna dualar oxunub.