Türkiyənin Rizə şəhərində yerləşən Rəcəb Tayyip Ərdoğan Universitetində “Xocalıya ədalət!” mövzusunda konfrans keçirilib. Azərbaycanlı tələbələrin təşkilatçılığı ilə baş tutan konfransda universitetin müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.
Universitetin tələbəsi Turqut Əhmədov çıxışı zamanı qeyd edib ki, 28 il öncə erməni silahlı dəstələri 366-cı motoatıcı alayın köməyi ilə Xocalıda 63-ü uşaq olmaqla, 613 nəfəri xüsusi amansızlıqla qətlə yetiriblər. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən bütün dünyada “Xocalıya ədalət” beynəlxalq kampaniyası aparılır. Məqsəd – dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına, insanlığa zidd olan bu dəhşətli cinayəti törədənlərin indiyədək cəzasız qalmalarına cəlb etmək, bu faciənin unutdurulmasına yol verməməkdir.
Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən foto-sərgi təşkil olunub.