TRT Trabzon radiosu Xocalı soyqırımının 28-ci ildönümünə proqram həsr edib.
Proqrama bu şəhərdə təhsil alan gənclərimiz – Türkiyənin Qaradəniz Texniki Universitetinin (QTU) Gəmi inşaat və gəmi mexanikaları mühəndisliyi fakültəsinin tələbəsi Mətin Dostumalıyev, QTU Orman mühəndisliyi fakültəsinin tələbələri Vüsal İsmayıllı, Sadiq Zeynalov və Emin Abdullayev qatılıblar.
Onlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin acı və ağrılı səhifələrindən biri olan Xocalı faciəsindən, erməni silahlı dəstələrinin dinc insanları xüsusi amansızlıqla qətlə yetirməsindən, yaralamasından, əsir götürməsindən, dövlətimizin Xocalı soyqırımının tanınması istiqamətində gördüyü işlərdən danışıblar.
Sonda gənclər türkiyəli həmyaşıdlarına müraciət ediblər: “Bu hadisələri sizə niyə danışırıq, sevgili gənclər, bilirsinizmi? Biz sizə "ermənilərə nifrət edin, vaxtı gələndə eynisini biz də onlara edəcəyik", - deyə bunları danışmırıq. Bunu sizə danışmağımızın səbəbi Azərbaycandakı Türklərə qarşı törədilən və insanlığa sığmayan hadisələri unutmamaq və unutdurmamaqdır. Cünki bu cür qəddarcasına qətliam törədənləri, soyqrımı unutsaq, həmin vəhşilər bunu bir daha edərlər”.