Türkiyənin Afyon şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Karatəpə Universitetinin Dövlət Konservatoriyasında gerçəkləşən tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Konservatoriyanın dosenti Natiq Rzazadə bildirib ki, 28 il öncə erməni silahlı dəstələrinin Xocalıda qəddarcasına qətlə yetirdikləri 613 azərbaycanlının arasında onlarla qadın, uşaq və qoca olub: “613 nəfərin öldürülməsi vəhşilik və soyqırımdır. Böyük bir şəhər təcavüz nəticəsində dağıdılıb...".
Qeyd edilib ki, bu il Xocalı soyqırımını fərqli formatda – mədəniyyət və incəsənət nümunələri ilə yad edəcəklər.
Tədbir iştirakçılarına Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Çənlibel xoru, Nigarın ariyası, Tofiq Quliyevin “Arzular", F.Şopenin “Noktürn” və S.Raxmaninovun “Prelüd” əsərləri, xalq mahnısı “Küçələrə su səpmişəm” təqdim olunub. Əsərləri Konservatoriyanın səhnə sənətləri kafedrasının müəllimi dosent Berna Özkut (vokal), Natiq Rzazadə (fortepiano) və professor Yusif Mirişlinin tələbəsi Engin Çatal (fortepiano) ifa ediblər.