Əhməd Yesevi adına universitetdə anım mərasimi keçirilib

28.02.2020

Qazaxıstanın Türküstan şəhərindəki Əhməd Yesevi adına Beynəlxalq Qazax-Türk Universitetində "Xocalı 28 il: Tarixin qan yaddaşı" adlı anım mərasimi keçirilib.

Universitetin azərbaycanlı tələbələrinin təşəbbüsü ilə baş tutan mərasim Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, onların ruhuna müqəddəs Quran kitabından ayələrin oxunması ilə başlayıb.

Universitetin Beynəlxalq münasibətlər fakültəsinin II kurs tələbəsi Şamil Aydoğan və IV kurs tələbəsi Orxan Cahangirli Xocalıya həsr olunmuş şeirləri səsləndirdikdən sonra Azərbaycanın Milli Qəhrəmanı, məşhur reportyor Çingiz Mustafayevin faciənin ertəsi gün çəkdiyi kadrlar və digər videoçarxlar nümayiş olunub.

Tədbirdə Əhməd Yesevi adına Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasının sədri professor Musa Yıldız, prorektor Cengiz Tomar, Tarix fakültəsinin müəllimi Eren Akdeniz Türküstan vilayətində fəaliyyət göstərən “Şimkənt Azərbaycan Mədəniyyət Mərkəzi”nin rəhbəri Natiq İbrahimov və digərləri çıxış ediblər. Natiqlər erməni silahlı dəstələrinin 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri dəhşətli cinayətdən danışıblar. Qeyd edilib ki, ermənilərin 28 il öncə Azərbaycan şəhərində törətdikləri bu qətliam, amansızlıq və vəhşilik bütün bəşəriyyətə qarşı yönəlmiş vandalizm aktıdır. Dünyada, o cümlədən Qazaxıstanda yaşayan azərbaycanlıların Xocalı və Azərbaycan həqiqətlərinin yayılmasında fəal iştirak etdikləri, qazax xalqının hər zaman Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiyi nəzərə çatdırılıb.

Azərbaycanlı tələbələr bildiriblər ki, erməni vəhşiliyinin dünya, eləcə də çoxmillətli Qazaxıstan ictimaiyyətinə çatdırılması istiqamətində fəal iştirak edəcək, hər yerdə dövlətimizi və xalqımızı ləyaqətlə təmsil edəcəklər.

Tədbir universitetin Beynəlxalq münasibətlər fakültəsinin II kurs tələbəsi Talip Uzunun “Çırpınırdı Qara dəniz” mahnısını ifa etməsilə başa çatıb.