Riqada Xocalı soyqırımından bəhs edilib

28.02.2020

Latviyanın paytaxtı Riqa şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə şəhərin “K.Suns” kinoteatrında gerçəkləşdirilən tədbirdə Azərbaycan icmasının üzvləri və Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın dövlət müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Koordinasiya Şurasının üzvü Amil Səlimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən dəhşətli cinayətdən və Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən ətraflı danışıb. Bildirib ki, erməni silahlı dəstələri 366-cı motoatıcı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, o cümlədən uşaqları, qadınları və qocaları ağlasığmaz vəhşiliklə qətlə yetiriblər. XX əsrdə dünyanın gözü qarşısında Xocalı kimi soyqırımı törədənlərin cəzasız qalmasına, Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda və Azərbaycana qarşı işğalçı siyasət yürütməkdə davam etməsinə diqqət cəlb olunub.

Tədbir Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin nümayişi ilə yekunlaşıb.