Pyatiqorsk şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım tədbiri təşkil olunub

28.02.2020

Rusiyanın Stavropol vilayətinin Pyatiqorsk şəhərində Xocalının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

"Araz" Azərbaycan cəmiyyətinin təşkilatı dəstəyilə M.Qorki adına mərkəzi kitabxanada baş tutan mərasimdə Pyatiqorsk, Yessentuki, Jeleznovodsk, Mineralnıy Vodı şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər. Tədbir gənclərin "Xocalını unutmuruq" fləşmobu ilə başlayıb.

Sonra vilayətin diaspor təşkilatlarının rəhbərləri Təhmasib Zeynalov, Qurban Əsədov, Namiq Məmmədov, "Ümumdünya Azərbaycan Mədəniyyəti Fondu"nun mətbuat xidmətinin rəhbəri Anar Həsənov, yazıçı və teoloq İlqar Kamil çıxış ediblər. Onlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin 366-cı motoatıcı diviziyanın zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalıya hücum etdikləri, dinc azərbaycanlıları xüsusi qəddarlıqla qətlə yetirdikləri, yaraladıqları və əsir götürdükləri, Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış soyqırımı aktını törətdikləri barədə ətraflı məlumat veriblər. Xocalı soyqırımını törədən cinayətkarların cəzasız qalmasının, Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmasının yolverilməz olduğu vurğulanıb.

Tədbir Xocalı soyqırımına həsr olunmuş video-çarxın nümayişi ilə yekunlaşıb.

Həmin gün şəhər məscidində faciə qurbanlarının ruhuna dualar oxunub.