Vladiqafqazda Xocalı soyqırımının qurbanları anılıb

28.02.2020

Şimali Osetiya-Alaniya Respublikasının inzibati mərkəzi olan Vladiqafqaz şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Şimali Osetiya “Azərbaycanlılar Konqresi”nin mərkəzi ofisində baş tutan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və onların ruhuna dualar oxunması ilə başlayıb. Tədbirdə konqresin sədri Murtaza Gülməmmədov, Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyev, Gənclər təşkilatının sədri Zaur Məmmədov, mətbuat xidmətinin rəhbəri Elçin Şükür, diaspor üzvləri Ruslan Bədəlov, Sadiq Bayramov və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən M.Gülməmmədov xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək dinc azərbaycanlılara amansız divan tutub. Natiq baş verənləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli faciəsi adlandırıb.

O, çıxışını xalqımızın ümummilli lideri Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" fikri ilə bitirib.