Rusiyanın Perm şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı "Xocalı – ağrımızdır!" adlı anım mərasimi keçirilib. Tədbirdə Azərbaycan diasporunun və dost xalqların icma nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Çingiz İsayev Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri blokada şəraitində olan Xocalı şəhərinə hücum edərək, dinc azərbaycanlıları xüsusi amansızlıqla və qəddarcasına qətlə yetirib, yaralayıb və əsir götürüblər. Xocalı şəhərindəki evləri və digər tikililəri yandırıblar. Bu faciənin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığı, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bir cinayət olduğu, cinayətkar Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozduğu və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini indiyə qədər yerinə yetirmədiyi diqqətə çatdırılıb.