Bişkekdə Xocalı soyqırımından bəhs edilib

28.02.2020

Fevralın 26-da Bişkek şəhər meriyasının Mədəniyyət və Turizm İdarəsinin mərkəzləşdirilmiş kitabxanalar sistemində Xocalı soyqırımınının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Dünya Azərbaycanlıları və digər Türkdilli Xalqların İttifaqı”, “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu” və “Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi”nin birgə təşkil etdiyi tədbirdə mərkəzləşdirilmiş kitabxanalar sisteminin geniş oxucu kütləsi iştirak edib.

Tədbirdə mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Gulsayra Dandıbayeva, “Dünya Azərbaycanlıları və digər Türkdilli Xalqların İttifaqı” və “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti Nüsrət Məmmədov, “Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi”nin vitse-prezidenti Rabil Rəsulov çıxış ediblər. Natiqlər Azərbaycanın başına gətirilən faciələrdən, 200 il əvvəl Qarabağa ermənilərin köçürülməsindən və digər tarixi faktlardan danışıblar, Xocalıda baş vermiş soyqırımı aktını xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət adlandırıblar. Gənc oxuculara Qırğızıstanla yanaşı, qardaş Azərbaycanın tarixini dərindən öyrənmək, Xocalı həqiqətlərinin sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaq tövsiyə olunub.

Sonda tədbir iştirakçılarına “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər tarixi faktlarla” kitabı hədiyyə edilib və Vahid Mustafayevin müəllifi olduğu “Xoca” bədii filmi qırğız dilində göstərilib. Hər iki əsər “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun sifarişi ilə nəşr, tərcümə və dublyaj olunub.