Qazaxıstanın Kostanay vilayətində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbir vilayətdə fəaliyyət göstərən "Birlik" cəmiyyəti tərəfindən təşkil olunub. Cəmiyyətin sədri Rafail Hacıbalayev və idarə heyətinin üzvü Allahverdi Hüseynov çıxış edərək, Xocalı soyqırımını xalqımızın tarixində unudulmayan, yaddaşlardan silinməyən faciələrdən biri adlandırıblar. Qeyd edilib ki, erməni silahlı dəstələrinin Xocalının dinc sakinlərinə qarşı törətdikləri soyqırımı xalqımızın qan yaddaşıdır, diaspor təşkilatı olaraq Qarabağ həqiqətlərinin vilayətin ictimaiyyətinə və digər xalqların icmalarına çatdırılması istiqamətində işlər davam etdirilməlidir. Diaspor üzvləri işgal olunmuş torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini və hər zaman xalqımızın yanında olduqlarını bildiriblər.
Tədbirdə "Cəhənnəmi görmüş pilot “ filmi nümayiş etdirilib. Sonda Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.