Türkiyənin Adana şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Adana-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkil etdiyi tədbir şəhərin tarixi binasında – Sultan Süleyman dövründə Adana valisi olmuş Ramazanoğlunun məkanında baş tutub.
Tədbirdə Adana Qardaşlar Mədəniyyət Dərnəkləri Birliyinin, Azərbaycan diaspor təşkilatlarının üzvləri, yerli ictimaiyyətin və medianın nümayəndələri, xarici tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə dərnəyin sədri Yakub Bulut açıb və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Çukurova Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzov “Xocalı və ya Türk dünyasına elan olunmamış müharibə” mövzusunda mühazirə oxuyub. O, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, belə faciələri törədənlərin beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməli olduqlarını bildirib. Xocalı soyqırımının təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsi olduğu, belə dəhşətli hadisələrin gələcəkdə təkrarlanmaması üçün dünya dövlətlərinin və xalqlarının birgə fəaliyyət göstərmələrinin vacibliyi vurğulanıb.
Tədbir Xocalı soyqırımına həsr olunmuş filmin nümayişi ilə başa çatıb.
Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən foto-sərgi təşkil olunub.