Antalya Anadolu Liseyində Xocalıdan danışılıb

27.02.2020

Fevralın 26-da Türkiyənin Antalya şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşəbbüsü ilə baş tutub. Antalya Anadolu Liseyində gerçəkləşdirilən tədbirdə müəllim-şagird heyəti iştirak edib.

Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə liseyin müdiri Hasan Akın, dərnəyin başqan yardımçısı və tədbirin təşkilatçısı Ceyran Səttarova, Akdeniz Universitetinin azərbaycanlı tələbələri Seymur Bəşirzadə, Səbuhi Məmmədli və azərbaycanlı yazar Aysel Atəş Abdullazadə çıxış ediblər. Onlar Azərbaycan və Türkiyənin tarixi əraziləri, Xocalı soyqırımı, erməni terroru, dünya ölkələrinin baş verən cinayətə münasibəti barədə ətraflı məlumat veriblər. Akşin Xəyalın "Mənim erməni oğlum" kitabından parçalar oxunub.

Xocalı faciəsinin əks olunduğu slaydlar təqdim olunub.

Tədbir çərçivəsində Xocalı faciəsinə həsr edilmiş foto və kitab sərgisi təşkil olunub, kitab və digər materiallar liseyin kitabxanasına hədiyyə edilib.