Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımının qurbanları anılıb

27.02.2020

Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərə fevralın 24-dən Türk Egitim Vəqfi Anadolu Liseyində keçirilən anım mərasimi ilə start verilib.

Fevralın 26-da Dənizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə “Azərbaycan - Qarabağ parkı”nda ucaldılan Xocalı soyqırımı abidəsi ziyarət olunub. Mərasim zamanı abidənin önünə əklil qoyulub, soyqırımı qurbanlarının xatirəsi anılıb, Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub. Mərasimə Türkiyənin tanınmış sənətçisi, rejissor və dramaturq, məhşur "Səksənlər" filminin rejissoru Müfit Can Saçıntı da qatılıb.

Tədbirdə Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan çıxış edib. O, bildirib ki, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı bütün türklərin ağrısıdır. Türkiyənin hər yerində olduğu kimi, Dənizlidə də Xocalı soyqırımı qurbanlarının xatirəsinin uca tutulduğu, hər il bu parkda anım mərasiminin keçirildiyi, parkı ziyarət edən hər bir insanın Dağlıq Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatlarla tanış olduğu vurğulanıb.

Proqrama əsasən, anım tədbiri İbrahim Cinkaya Sosial Bilimlər Liseyində “Xocalı soyqırımı” mövzusunda konfransın keçirilməsi ilə davam edib.

Konfransda geniş məruzə ilə çıxış edən Türk Egitim Vəqfi Anadolu Liseyinin tarix müəllimi, uzun illər Xocalı soyqırımı haqqında həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərən Sedat Sərdaroğlu Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə ətraflı məlumat verib. Bildirib ki, son iki əsr ərzində ermənilər zaman-zaman türklərə, eyni zamanda azərbaycanlılara qarşı amansız terror və soyqırımı aktları həyata keçiriblər.

Mərasim zamanı iştirakçılara Azərbaycanda nəşr edilən Xocalı soyqırımı və erməni terroru haqqında həqiqətlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər haqqında məlumatların əks olunduğu kitablardan danışılıb. Kitablar Dənizli Böyükşəhər Bələdiyyəsinin sədr müavini Ali Degirmençi, Mərkəzəfəndi valisi Adem Uslu, Dənizli Böyükşəhər Bələdiyyəsi mədəniyyət və turizm İdarəsinin rəisi Hudaverdi Otaklı, İbrahim Cinkaya Sosial Bilimlər Liseyinin müdiri Hayrulah Akgün və Mərkəzəfəndi mili təhsil idarəsini müdiri Adem Kılıçın vasitəsilə təqdim olunub.