Daşkənddə anım mərasimi təşkil edilib

27.02.2020

Özbəkistanın paytaxtı Daşkənddə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Özbəkistan Müsəlmanları İdarəsi (ÖMİ) ilə birgə təşkil olunub. Qazaxıstandakı Azərbaycan diasporunun təmsilçisi Mehdi Məmmədov da bu tədbirin keçirilməsinə böyük dəstək göstərib.

Mərasimdə xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan diasporunun üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbir ÖMİ-nin sədr müavini İbrahim İnamovun Xocalı soyqırımı qurbanlarının ruhuna dua oxunulması ilə başlayıb. Çıxışlar zamanı 28 il öncə erməni silahlı qüvvələri tərəfindən törədilmiş bu qanlı faciənin səbəbləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 1994-cü ilin fevralında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral isə Xocalı soyqırımı günü elan olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində hazırda dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı tərəfindən Xocalı faciəsi pislənilib və soyqırımı kimi tanınıb. 57 dövləti özündə birləşdirən İslam Əməkdaşlığı Təşkilatı isə 2012-ci il 30 yanvar tarixli qərarı ilə Xocalı soyqırımını rəsmən tanıyıb və bəyan edib ki, bu faciə XX əsrin dəhşətli cinayətləri olan Katın, Xolokost, Sonqmi, Xirosima və Naqasaki soyqırımları ilə bir sırada dayanır. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən etibarən bütün dünyada "Xocalıya ədalət!" kampaniyası aparılır.

Tədbirdə çıxışı zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev Xocalı hadisələrini tarixi rakursdan təhlil edib. Xocalı soyqırımının təsadüfi hadisə olmadığını, Ermənistanın Azərbaycana qarşı məqsədyönlü şəkildə yürütdüyü işğalçı siyasətin tərkib hissəsi olduğunu vurğulayan natiq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyi üçün Özbəkistan dövlətinə və xalqına minnətdarlığını bildirib.

Öz növbələrində ÖMİ sədrinin müavini İbrahim İnamov, "Özbəkistan-Azərbaycan" dostluq cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov isə deyiblər ki, Azərbaycan dövləti və xalqı hadisələri unutmur və haqlı olaraq dünyadan Xocalıya ədalət tələb edir. Qeyd olunub ki, Ermənilər bu faciə zamanı qocalara, qadınlara və uşaqlara qarşı tətbiq etdikləri dəhşətli işgəncələr, qəddarlıq və təhqirlərə görə heç vaxt bəraət qazana bilməzlər.

Tədbir çərçivəsində Xocalı faciəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi də nümayiş olunub.