Xocalı faciəsi Nyu-Yorkda yəhudi və müsəlman təşkilatlarını bir araya gətirib

27.02.2020

Fevralın 25-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Xocalı qətliamının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri və panel müzakirəsi keçirilib.

Yəhudi Tarixi Mərkəzində gerçəkləşdirilən tədbiri Amerika Sefardlar Federasiyası (ASF) təşkil edib. Tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatlarının təmsilçiləri, yerli ictimai fəallar, Azərbaycan və yəhudi icmalarının nümayəndələri, ölkəmizin BMT-dəki nümayəndəliyinin və ABŞ-dakı səfirliyinin əməkdaşları, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Lalə İsmayılova iştirak edib.

Tədbirdəki çıxışına Xocalı soyqırımının qurbanlarını yad etməklə başlayan ASF-nin icraçı direktoru Ceyson Quberman qətliamdan, faciə zamanı 613 nəfər Xocalı sakininin şəhid olduğundan və bu rəqəmin yəhudi dinində müqəddəs məna kəsb etməsindən danışıb. Dünya Müsəlmanları Liqasının Baş katibi Məhəmməd Əl-İssanın soyqırımla bağlı bəyanatına istinad edən natiq Xocalı qətliamının təkcə azərbaycanlılara qarşı deyil, həm də insanlığa qarşı cinayət olduğuna diqqəti cəlb edib. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, faciəni törədənlərə, eləcə də insanlıq əleyhinə cinayətlərə qarşı səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Müsəlman Amerika Liderlik Alyansının həmtəsisçisi Əhməd Fleks Ömər çıxışı zamanı Xocalı faciəsinin qurbanlarını anıb və dünyanın bir çox yerlərində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilməsindən təəssüfləndiyini bildirib. Belə faciələrin təkrarlanmaması üçün baş vermiş qətliamların araşdırılmasının və öyrənilməsinin önəmli olduğu vurğulanıb. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn hərbi təcavüzdən bu gün də insanların əziyyət çəkdiyi, mövcud duruma son qoyulmasının, münaqişənin ədalətli həlli istiqamətində ciddi səylər göstərilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan icmasının nümayəndəsi Aqil Hüseynov Xocalı qətliamı barədə ətraflı məlumat təqdim edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan natiq Xocalı qətliamının ölkə tarixinə ən faciəli günlərdən biri kimi daxil olduğuna, Ermənistanın keçmiş hərbi və siyasi rəhbərlərinin bu faciənin əsas iştirakçılarından olduqlarına diqqəti cəlb edib. Xocalı qətliamını Ermənistanın yürütdüyü məqsədyönlü işğalçı siyasətin nəticəsi kimi səciyyələndirən A.Hüseynov bu faciənin beynəlxalq təşkilatlar və qurumlar tərəfindən əsaslı şəkildə araşdırıldığını söyləyib. O, xatırladıb ki, Ermənistan rəsmiləri XX əsrdə bütün dünyanın gözü qarşısında mülki azərbaycanlıların qətliamını törətmələri ilə fəxr edirlər. Bu zaman o, inglis jurnalisti Tomas De Vaalın Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandan aldığı və "Qara bağ" kitabında dərc etdiyi müsahibəsinə istinad edib. Ermənistanda faşist və irqi ayrı-seçkilik ideologiyasının hələ də hökm sürdüyünü vurğulayan natiq buna misal olaraq Qaregin Njde faktını göstərib. A.Hüseynov hər kəsin Xocalı faciəsini birlikdə anmasının vacibliyini, insanların tolerantlıq, sülh şəraitində və dinc yanaşı yaşaması üçün göstərilən səylərə bədxah qüvvələrin mane ola bilməyəcəyini xüsusilə vurğulayıb.

Holokostun canlı şahidi Sami Steigmann bildirib ki, Xocalı faciəsi barədə indiyədək məlumatsız olub. O, bu cür qətliamların əsas səbəbinin nifrət hissindən qaynaqlandığını, belə faciələrinin araşdırılmasının, açıq dialoqun aparılmasının vacib olduğunu bildirib və bu istiqamətdə təcrübəsini bölüşüb.

Panel müzakirələri zamanı Azərbaycan icmasının fəalları Aqil Hüseynov və İradə Axundova soydaşlarımızın dialoqa açıq olduğunu, lakin erməni tərəfinin danışıqlar prosesi və siyasi ritorika zamanı daim təcavüz dilindən istifadə etdiklərini bildiriblər. Müzakirələr iştirakçıların moderatorun suallarını cavablandırması ilə yekunlaşıb.

Sonda Xocalı qətliamının 28-ci ildönümünə həsr olunmuş xatirə lövhəsi təqdim edilib.