Atırau Dövlət Universitetində Xocalı soyqırımından bəhs edilib

27.02.2020

Qazaxıstanın X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırılması Mərkəzi”ndə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın Aktaudakı Baş konsulluğunun “Novruz” milli-mədəni cəmiyyəti ilə birgə təşkil olunmuş tədbirdə diplomatlarımız, cəmiyyətin üzvləri, azərbaycanlı iş adamları, universitetin müəllim-tələbə heyəti, Qazaxıstan Xalqı Assambleyasının (QXA) və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət!” sənədli filmi nümayiş olunub.

Tədbirdə Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov, QXA-nın direktoru Janna Kıdıralina, “Novruz” milli-mədəni cəmiyyətinin rəhbəri Eldar Əhmədov və başqaları çıxış ediblər. Natiqlər erməni silahlı dəstələrinin Xocalıda törətdikləri dəhşətli cinayətin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından, Azərbaycan dövləti və diaspor təşkilatları tərəfindən görülən işlərdən danışıblar.

Xocalıda baş verən qətliamdan dəhşətə gəldiyini qeyd edən QXA təmsilçisi bu faciəni törədənləri pisləyib və qardaş Azərbaycan xalqına bu cür hadisələrin təkrarlanmamasını arzulayıb.

Sonda universitetin 3-cü kurs tələbəsi, əslən azərbaycanlı olan Qazaxıstan vətəndaşı Flora Sarayeva Türk dünyasının tanınmış sənətçisi Ozan Arifin “Ya Qarabağ, ya ölüm” şeirini ifa edib.