Gürcüstanda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

27.02.2020

Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş aksiya keçirilib. Tədbir şəhərdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüs və dəstəyi, “Azərkitab” Kitab Mərkəzi, eləcə də Millətçi Gənclər Təşkilatında təmsil olunan azərbaycanlı gənclərin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasına dəstək məqsədilə Tbilisinin mərkəzində təşkil edilən aksiya zamanı gənclər şəhər sakinlərinə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsinin tarixi və işğal altında olan rayonlar barədə gürcü dilində hazırlanmış məlumatların əks olunduğu broşürlər paylayıblar. Onların əynində üzərinə ingiliscə "Justice for Khojaly" ("Xocalıya ədalət") yazılmış jiletlər olub.

Kamançada ifa olunan həzin musiqinin müşayiəti altında iştirakçılar Azərbaycan, gürcü və ingilis dillərində "Xocalıya ədalət!" şüarını, eləcə də Gürcüstan ərazilərinin işğal faktına da diqqət cəlb edərək, ingilis və gürcü dillərində “İşğala yox!” şüarını da səsləndiriblər.