Almatıda Xocalı soyqırımı qurbanlarının anım tədbiri təşkil olunub

27.02.2020

Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən “Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım mərasimi təşkil edib.

Tədbirdə Almatı şəhər administrasiyasının, Qazaxıstan Xalqı Assambleyasının (QXA) və digər dövlət orqanlarının yerli təşkilatlarının rəhbərləri, azərbaycanlı icmasının üzvləri və müxtəlif etnoslara məxsus ictimai-mədəni birliklərin rəhbərləri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyinin sədri Əbülfəz Xamedov çıxış edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Rusiyanın 366-cı motoatıcı diviziyasının zirehli texnikası və hərbi qüvvələrinin köməyilə Xocalı şəhərinə hücum etdiyi, dinc azərbaycanlıları xüsusi qəddarlıqla qətlə yetirdikləri, yaraladıqları, yandırdıqları, əsir götürdükləri barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində bir sıra ölkələrin və ABŞ-ın 22 ştatının Xocalı faciəsini soyqırımı kimi tanıdıqları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada "Xocalıya ədalət!" kampaniyasının aparıldığı vurğulanıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə Qazaxıstan xalqına və dövlətinə minnətdarlıq ifadə olunub.

Tədbir Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunması ilə başa çatıb.