ABŞ-ın Hyuston şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.
Hyuston şəhərində yaşayan azərbaycanlı gənclər aksiya zamanı "Xocalıya ədalət!", "Erməni terrorunu qınayaq", "Erməni təcavüzünü və Azərbaycan torpaqlarının işğalını durdur!", "Ermənistan beynəlxalq qanunları pozur", "Birləşmiş Millətlər Təşkilatı erməni təcavüzünü qınayır" və sair şüarları nümayiş etdiriblər.
Aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı soyqırımı barədə ətraflı məlumatlar veriblər. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı diviziyasının zirehli texnikası və hərbçilərinin köməyilə blokadaya alınmış Xocalıya hücum edərək, dinc azərbaycanlılara qarşı soyqırımı törədiblər. Azərbaycan tarixinə qanla yazılmış faciə zamanı 613 nəfər (63-ü uşaq, 70-i qoca, 106-sı qadın olmaqla) xüsusi amansızlıqla qətlə yetirilib, onlardan 56 nəfəri diri-diri yandırılıb. 487 nəfər (76 nəfəri yeniyetmə) yaralanaraq əlilə çevrilib. 8 ailə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərinin taleyi barədə heç bir xəbər yoxdur. 10 minlik əhalisi olan şəhər yerlə-yeksan edilib və yandırılıb.