Macarıstanın qədim Peç şəhərindəki "Apollo" kinoteatrında Azərbaycan kinematoqrafiyasının istehsalı olan "Nabat" tammetrajlı bədii filmi təqdim olunub.
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində gerçəkləşdirilən tədbir Peç-Azərbaycan cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyilə baş tutub. Təqdimat mərasimində "Nabat" filminin quruluşçu rejissoru Elçin Musaoğlu, Azərbaycan səfriliyinin və Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər. Filmə yüzdən çox tamaşaçı baxıb.
Qeyd edək ki, Qarabağ müharibəsini əks etdirən “Nabat” filmində güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazı yaradılıb. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınıb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
İndiyə qədər "Nabat" filmi bir çox beynəlxalq film festivallarında və müxtəlif ölkələrdə keçirilən Azərbaycan Kinosu Günləri çərçivəsində nümayiş etdirilib.