Xocalıdan bəhs edən "Ağrı" romanı Monteneqroda nəşr olunub

27.02.2020

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı bu ölkənin dövlət dilində nəşr olunub. Məqsəd – Şərqi Avropa xalqlarının ermənilər tərəfindən törədilmiş bu dəhşətli soyqırım aktı haqqında daha dolğun məlumatlandırılmasıdır.

Əsərin müəllifləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut və atası Əmir Qutdur. Kitab ölkəmizin Monteneqrodakı səfiri Eldar Həsənovun təşəbbüsü, Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə ərsəyə gəlib.

İsrailli müəlliflər Əmir və Arye Qutun “Ağrı” bədii-sənədli romanında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalıda törətdikləri dəhşətli cinayətlərdən bəhs edilir. Qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri Ermənistanın terrorçu və işğalçı siyasətini ifşa edir. Romanın əsas qəhrəmanlarından biri – Röya uşaq ikən erməni terrorçularının xocalılara qarşı törətdikləri amansız qırğının dəhşətlərinə şahid olur. Bu, onun qəlbində sağalmaz izlər qoyur. Üstündən illər keçməsinə rəğmən, Röya unuda bilmədiyi hadisələr barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmağa çalışır.

Yaxın aylarda kitabın Monteneqroda təqdimatının keçirilməsi, ölkənin elm, təhsil ocaqlarına, arxiv və kitabxanalarına paylanılması nəzərdə tutulur.

Qeyd edək ki, indiyə qədər roman rus, ingilis və italyan dillərində də çap olunub.