Türkiyənin paytaxtı Ankara şəhərində “Xocalıya ədalət!” mövzusunda konfrans keçirilib.
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir Türkiyə-Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil olunub. Konfransda diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda TÜRKAZDER-in sədri Ənvər Türkoğlu, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan, Azərbaycanın Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev və Orta Doğu Texniki Universitetinin dosenti, siyasi elmlər doktoru Ayça Ergun çıxış ediblər.
Natiqlər Xocalı soyqırımını XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti insanlıq faciəsi kimi qiymətləndirərək, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasının mahiyyətindən, bəşəri faciənin tanıdılması istiqamətində görülən işlərin nəticələrindən danışıblar. Bildirilib ki, insani hisslərə ehtiram bəsləyən hər bir şəxs Xocalı soyqırımının tanıdılması prosesindən kənarda qalmamalı, bu istiqamətdə əlindən gələni əsirgəməməli, erməni cinayətlərini ifşa etməkdən çəkinməməlidir.
Konfrans çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən foto-sərgi nümayiş olunub.