Qardabanidə Xocalı soyqırımının qurbanları yad edilib

26.02.2020

Gürcüstanın Qardabani rayonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Qardabanidəki ofisində baş tutan tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhlarına dualar oxunub.

Tədbirdə Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədr müavini Mayak Nemətov, Qardabanidəki 3 saylı məktəbin müəllimi Firdovsi İsgəndərov, professor Mahmud Kamaloğlu və Nəzərli kənd ictimai məktəbinin müəllimi Sahib Mustafayev çıxış ediblər. Natiqlər bildiriblər ki, 20 Yanvar yarası sağalmamış xalqımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı kimi dəhşətli bir faciə ilə sarsılmışdır. Amma indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin güclü siyasəti nəticəsində dünyanın bir sıra ölkələri Xocalı faciəsini soyqırım kimi tanımaqdadır. Hazırda bu hadisəyə ədalətli və hüquqi qiymət verilməsinə nail olmaq üçün xaricdə yaşayan soydaşlarımız dünyanın bir çox ölkələrində mitinqlər, etiraz aksiyaları və tədbirlər təşkil edirlər.

Tariximizin qanlı səhifələri və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklər haqqında məlumatlandırma baxımından bu kimi tədbirlərin keçirilməsinin vacibliyi qeyd edilmişdir.

Tədbir Xocalı soyqırımına həsr olunmuş sənədli filmin nümayişi ilə yekunlaşıb.