Moldovanın paytaxtı Kişinyov şəhərində “Xocalıya ədalət!” şüarı ilə yürüş keçirilib. Azərbaycan diasporunun təşkil etdiyi yürüşdə Moldovanın ayrı-ayrı şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.
Aksiya iştirakçıları şəhərin mərkəzində yerləşən Ştefan Çel Mare küçəsindən Ermənistan səfirliyinə qədər yürüş ediblər. Onların əllərində Azərbaycanın bayraqları, Xocalı soyqırımını əks etdirən plakatlar, "Xocalıya ədalət!", "Soyqırımı günahkarları cəzalandırılmalıdır", "Erməni işğalını durdur!" şüarları olub. Yol boyu şəhər sakinlərinə Xocalı soyqırımından bəhs edən bukletlər paylanılıb.
Daha sonra yürüş iştirakçıları BMT-nin və ATƏT-in Moldovadakı ofislərinin önündə mitinq keçiriblər. Aksiyaçılar Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsini və onun soyqırımı kimi tanınmasını tələb ediblər.
Tədbir yerli KİV-də geniş işıqlandırılıb.