Türkiyənin İstanbul şəhərində “Şam işığında Xocalıya ədalət” tələbi ilə yürüş keçirilib.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD), Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkil etdiyi yürüşdə ictimaiyyət nümayəndələri, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr, türkdilli xalqların ictimai birliklərinin əməkdaşları, yerli ictimaiyyətin və medianın nümayəndələri iştirak ediblər.
Şəhərin tarixi bölgələrindən olan Kadıköy rayonunun Bahariyyə prospekti ilə addımlayan yürüş iştirakçıları “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycandır!”, “İşğalı dayandır!”, “Ermənistan, işğal etdiyin torpaqları azad et!” şüarlarını səsləndiriblər.
Sürəyya operasının qarşısında keçirilən aksiyanın iştirakçıları qarşısında İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu və başqaları çıxış ediblər. Bildirilib ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayət olduğundan bütün dünya Azərbaycanı dəstəkləməlidir. Ermənistanın hələ də öz işğalçılıq siyasətini davam etdirdiyi, beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan torpaqlarından çıxması ilə bağlı verdiyi qərarlara məhəl qoymadığı, dünyanın gözü qarşısında Xocalı kimi dəhşətli soyqırımı aktını törətdiklərinə baxmayaraq, Türkiyəyə qarşı əsassız soyqırımı iddiaları irəli sürən ermənilərin özlərini dünyaya məzlum xalq kimi təqdim etdikləri və qanlı hadisəni törədənlərin cəzasız qalmasının bütün bəşəriyyətə qarşı cinayət olduğu vurğulanıb.
Natiqlər erməni yalanlarına və onların işğalçılıq siyasətinə qarşı mübarizə aparmaq üçün qardaşlıq bağlarının daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edilib ki, dünyanın əsas meqapolislərindən biri olan İstanbulda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi hər şeydən əvvəl qardaşlıq borcudur.
Sonda Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi və bu qanlı hadisəni törədənlərin layiqincə cəzalandırılması tələb olunub.
Sürəyya operasının qarşısında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə şamlar yandırılıb.