Həmyerlimiz Ukrayna Ali Radasını Xocalı soyqırımını tanımağa çağırıb

26.02.2020

Ukraynanın “Obozrevatel” saytında Xocalı soyqırımından bəhs edən "Xocalı üçün ədalət tələb etməklə, biz gələcək faciələrin qarşısını alırıq" ("Требуя справедливости для Ходжалы, мы предотвращаем будущие трагедии") başlıqlı məqalə dərc edilib.

Murad Cəfərovun müəllifi olduğu məqalədə erməni silahlı dəstələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc azərbaycanlı sakinlərinə qarşı törətdikləri soyqırımdan bəhs olunub.

Ukraynadakı Azərbaycan diasporunun nümayəndələrinin öz çıxışlarında hər zaman xalqlarımızın eyni taleyə malik olduqlarını vurğuladıqlarını yada salan müəllif qeyd edib ki, Azərbaycan kimi Ukrayna da xarici işğal, məcburi köçkünlər və təcavüzkar separatizmlə qarşılaşıb: "Lakin bizdə fərq də var. Söhbət 28 il öncə baş vermiş Xocalı faciəsindən gedir".

1992-ci il 26 fevral gecəsinin Azərbaycan tarixinə qanlı hərflərlə yazıldığını, dinc azərbaycanlı şəhəri olan Xocalının yerlə-yeksan edildiyini ətraflı təsvir edən müəllif yazıb ki, xoşbəxtlikdən belə faciə Ukrayna torpağından yan keçib, lakin bu ölkədə XX əsrin faciələrinin şahidləri hələ sağdır. Milli və dini mənsubiyyətlərindən asılı olmayaraq bu insanlar da çox əzab çəkiblər.

Belə hadisələrin bir daha təkrarlanmaması məqsədilə Azərbaycanın Xocalı faciəsinin bütün dünyada soyqırımı kimi tanınması üçün diplomatik səylər göstərdiyi, hazırda müxtəlif ölkələrdə "Xocalıya ədalət!" şüarı altında beynəlxalq kampaniya aparıldığı bildirilib.

İndiyədək Bosniya və Hersoqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala, Şotlandiya, eləcə də ABŞ-ın 22 ştatının Xocalı soyqırımının tanınması haqqında parlament aktı qəbul etdiyini xatırladan müəllif diqqəti Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun bu məsələ ilə əlaqədar Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinə, həmçinin Azərbaycan Respublikası ilə parlamentlərarası əməkdaşlıq üzrə qrupa müraciətinə cəlb edib: "Məqsəd – Xocalı faciəsini azərbaycanlı əhalinin soyqırımı kimi tanımaq haqqında qətnamənin Ukrayna Ali Radası plenar iclasında müzakirəyə çıxarmaqdır. Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması hərbi cinayətkarlara mühüm siyasi ismarıcdır. Mənası isə bundan ibarətdir ki, cəzasızlıq heç bir vəchlə üstün olmayacaq, ədalət isə gec-tez, hətta güman edildiyindən də əvvəl zəfər çalacaq. Bu cür parlament qərarı həmçinin analoji cinayətlərin gələcəkdə qarşısınin alınmasına kömək edər. Elə bu səbəbdən Azərbaycan diasporu Ukrayna xalqının dəstəyinə ümid edir".

Sonda müəllif qeyd edib ki, Ukrayna parlamentinin Xocalı faciəsini azərbaycanlıların soyqırım aktı kimi tanıması Ermənistanın sülhün bərqərar olunması prosesini sürətləndirməsi üçün atılmış daha bir addım olacaq.

Məqaləni tam şəkildə bu linkdən oxumaq olar:

https://www.obozrevatel.com/abroad/trebuya-spravedlivosti-dlya-hodzhalyi-myi-predotvraschaem-buduschie-tragedii.htm