Çikaqoda keçirilən anım tədbirində Xocalı soyqırımı insanlıq əleyhinə cinayət adlandırılıb

25.02.2020

ABŞ-ın ən iri şəhərlərindən biri sayılan Çikaqoda Azərbaycan tarixinin faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

İllinois Ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında baş tutan tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı və Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbirdə ACMA prezidenti Fərid Məmmədov və idarə heyətinin sədri Mehriban Məmmədova, Türkiyənin Çikaqo şəhərindəki baş konsulu Ayşe Selcan Şanlı, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova, amerikalı konqresmen Mayk Quiqlinin nümayəndəsi Cenni Herman, “Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski, Şimal-Şərq Illinois Universitetinin soyqırım və müharibə fəlakətləri üzrə tədqiqatçı professoru Jenin Ntihirageza, İlinoys ştatının Holokost və Soyqırım Komissiyasının idarə heyətinin üzvü, professor Maria Korkatsch-Groszko, Ukrayna Amerika konqresinin direktorlar şurasının sədri Roman Yatskovskiy, Amerika Yəhudi İcmasının Çikaqo nümayəndəsi Fenni Sempson-Kohen, həmçinin xüsusi qonaq qismində Holokost şahidi Canin Oberrotman iştirak ediblər.

Tədbir çərçivəsində “Xocalı faciəsi - qanlı yaddaş və anım” mövzusunda foto-sərgi və seminar təşkil edilib.

Xocalı qətliamından bəhs edən qısa videoçarxın nümayişindən sonra Fərid Məmmədov, Harri Lepinski, Lalə İsmayılova və başqaları çıxış ediblər. Natiqlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət, xalqımıza qarşı törədilən etnik təmizləmə faktları və soyqırım cinayətləri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının məqsədi və fəaliyyət istiqamətləri, Diasporla İş üzrə Dövlət Komitəsinin bununla bağlı atdığı addımlar və həyata keçirdiyi işlər barədə ətraflı məlumat verilib.

Bəzi ekspertlərin Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırdıqları nəzərə çatdırılıb. İnsanlıq əleyhinə olan cinayətlərin oxşarlığından, bu kimi cinayətlərin təkrarlanmaması üçün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və cinayət iştirakçılarının məsuliyyətə cəlb olunmasının vacibliyindən, Azərbaycan ərazilərinin bu günədək işğal altında olduğundan danışan natiqlər xalqımızın dərdinə şərik olduqlarını bildiriblər.

Yəhudi xalqına qarşı törədilmiş Holokostun canlı şahidi olan xanım Canin Oberrotman Holokost və Xocalı faciəsinin oxşarlığından və insanların əziyyət çəkməsindən bəhs edib. O, valideynlərinin Holokost zamanı qətlə yetirildiyini bildirərək, insanlıq əleyhinə cinayət törədən şəxslərin bağışlanmasının qeyri-mümkün olduğunu vurğulayıb. Tədbirdə o da qeyd edilib ki, İllinois ştatının Skoki şəhərinin meri Corc Van Dusen Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyannamə imzalayıb.

Sonda Azərbaycan icmasının nümayəndəsi Cavad İsmayılbəyli “Ney” alətində həzin əsərlər ifa edib.