Melburnda Xocalıya ədalət tələb olunub

25.02.2020

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı anım mərasimi keçirilib.

Viktoriya Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Melburnda yaşayan Azərbaycan icmasının üzvləri, diplomatik korpusun əməkdaşları, eləcə də ölkəmizə dost münasibət bəsləyən xalqların təmsilçiləri iştirak ediblər.

Mərasim Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

“Xocalıya Ədalət!” adlı sənədli filmin nümayişindən sonra Azərbaycanın Avstraliyadakı diplomatik nümayəndəliyinin rəhbəri Ramil Qurbanov, Türkiyənin Melburn şəhərindəki baş konsulu Arif Əsər Torun, Türkiyə konsulluğunun katibi Yaqub Əroğlu çıxış ediblər. Natiqlər bildiriblər ki, ermənilər tarixboyu xalqımıza qarşı törətdikləri qırğınlarla Azərbaycan ərazilərinin işğalına can atıblar və Xocalı soyqırımı Ermənistanın Azərbaycana və insanlığa qarşı təcavüzkar siyasətinin qəddar nümunəsidir. Məhz, bu işğalçı siyasət beynəlxalq hüquq normalarının və prinsiplərinin, insan hüquqlarının pozulmasına səbəb olub.

Qeyd edilib ki, Xocalı soyqırımı yalnız Azərbaycanın deyil, həmçinin Türkiyənin faciəsidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin pislənilib, Dağlıq Qarabağın və ətraf rayonların tezliklə azad ediləcəyinə əminlik ifadə olunub, belə müzakirələrin keçirilməsnin Xocalı soyqırımı kimi hadisələrin bir daha təkrar olunmaması baxımından xüsusi əhəmiyyətə malik olduğu nəzərə çatdırılıb.

Faciənin mahiyyəti barədə Tomas De Valın müəllifi olduğu ingilis dilində yazılmış "Qara bağ" ("Black garden") kitabı da tədbirdə nümayiş olunub. Kitabın Xocalı soyqırımının əsl mahiyyətinin dərk olunması baxımından çox əhəmiyyətli olduğu vurğulanıb.

Tədbir çərçivəsində ingilis və rus dillərinə tərcümə edilmiş “Ölüm dəhlizi” adlı poema iştirakçılara paylanılıb.