Sidneydə Xocalı qurbanları yad edilib

25.02.2020

Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Türk evində gerçəkləşdirilən tədbiri Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi təşkil edib. Tədbirdə Türkiyənin baş konsulu Melih Kararal, avstraliyalı millət vəkili Linda Voltz və çoxsaylı qonaqlar iştirak ediblər.

Avstraliyanın və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə açılan mərasimdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi beynəlxalq əlaqələr departamentinin sədri Mikayıl Oyta, Türkiyənin Sidneydəki baş konsulu Melih Kararal, millət vəkili Linda Voltz, diaspor fəalı Kamran İsmayilov və başqaları çıxış ediblər. Millət vəkili Hug McDermotun adından tədbir iştirakçılarına ünvanlanmış məktubu isə Cesika Oyta diqqətə çatdırıb.

Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı diviziyasının zirehli hərbi texnikası və hərbçiləri ilə birlikdə blokada vəziyyətində olan Xocalıya hücum etdikləri, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdikləri və əsir götürdükləri barədə ətraflı məlumat veriblər. Dünya birliyinin bu dəhşətli soyqırıma siyasi-hüquqi qiymət verməsinin, cinayətkarların cəzalandırılmasının, işğalçı qoşunların Dağlıq Qarabağdan və ətrafındakı 7 rayondan çıxarılmasının və müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi bildirilib.

M.Oyta vurğulayıb ki, Avstraliya Federal Dövlətindən əsas istəyimiz Xocalı soyqırımını tanıması, eləcə də işğalçı və cinayətkar Ermənistan qoşunlarının qəsb etdikləri Azərbaycan ərazilərindən çıxarılması məsələsində rəsmi Bakının mövqeyini dəstəkləməsidir.