Berlində Xocalı qurbanları anılıb

24.02.2020

Fevralın 23-də Berlində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Almaniyadakı Türk-Azərbaycan Birliyinin (TAVD) təşkil etdiyi tədbirdə bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə açılan tədbirdə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlar zamanı TAVD sədri Kəmalə İsmailova və digər natiqlər bildiriblər ki, bütün dünyanın gözü qarşısında dinc azərbaycanlılara qarşı Xocalı kimi dəhşətli soyqırımı törətmiş Ermənistan hələ də işğalçılıq siyasətindən əl çəkmir, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməkdən imtina edir. Qeyd edilib ki, türklərə qarşı saxta soyqırımı iddialarından əl çəkməyən Ermənistan hazırda dünya birliyinin diqqətini Azərbaycan torpaqlarının işğalı və Xocalı qətliamı kimi məsələlərdən uzaq tutmağa çalışır. Azərbaycan və türk diasporlarının birlikdə israr və qətiyyətlə Xocalı soyqırımını və Azərbaycan torpaqlarının işğalını dünya birliyinin gündəminə gətirməsinin vacib olduğu vurğulanıb.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş olunub.