Qüds (Yerusəlim) şəhərinin yaxınlığında "Xocalı 613" bağında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir "Justice for Khojaly" beynəlxalq kompaniyası çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Azİz" İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib.
Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə "Keren Kaemet le İsrael" yəhudi milli fondunun Avrasiya şöbəsinin rəhbəri İqal Yasinov, Knessetin deputatı Mark İfraimov, Azərbaycan Respublikasının V çağırış Milli Məclisinin deputatı Rauf Əliyev, "Azİz" İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının prezidenti Lev Spivak, "Azİz"Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, Azərbaycan yazıçısı Günel Anarqızı və Azərbaycan əsilli çex şairəsi Leyla Bəyim çıxış ediblər.
Natiqlər Xocalı faciəsinin tarixindən danışaraq, erməni separatçılarının işğalçı siyasəti nəticəsində dost Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş dəhşətli hadisədən kədərləndiklərini, yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağına ümid etdiklərini bildiriblər.
4 il öncə bu bağın salınmasının rəsmi açılış mərasimində iştirak etdiyini xatırladan R.Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsinə kövrək və həssas münasibətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. O, Azərbaycan hökumətinin məqsədyönlü hüquqi siyasəti nəticəsində tezliklə Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə, həll olunacağına əminliyini ifadə edib.
Tədbir iştirakçılarına yazıçı Günel Anarqızının və şairə Leyla Bəyimin "Haray" məcmuəsi təqdim olunub. Kitaba yazıçının "Qarabağ hekayələri" və şairənin "Qarabağ ağısı" sonetləri daxil edilib. Yazarlar əsərlərinin yaranma tarixi və onların bir məcmuədə toplanması ideyası barədə danışaraq əsərdən kiçik parçaları oxuyublar.
Tədbir Azərbaycan və İsrailin dövlət himnlərinin səsləndirilməsi ilə yekunlaşıb.
Xatırladaq ki, "Xocalı 613" bağı 2016-cı ildə Qüds şəhərinin yaxınlığında yerləşən Prezident meşəsində salınıb. Bu addım 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Xocalıda qəddarcasına qətlə yetirilmiş dinc azərbaycanlı sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq atılıb. "Azİz" İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının bu təşşəbbüsünə "Keren Kaemet le İsrael" yəhudi milli fondu təşkilati dəstək göstərib.