Londonda etiraz aksiyası keçirilib

24.02.2020

Böyük Britaniyanın paytaxtı London şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.

Britaniya parlamentinin qarşısında baş tutan aksiyanı Londondakı Azərbaycan evi təşkil edib. Tədbir zamanı diasporumuzun üzvləri 28 il öncə erməni silahlı dəstələri tərəfindən Xocalıda 613 dinc sakinin (o cümlədən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca) vəhşicəsinə qətlə yetirilməsinə, 8 ailənin tamamilə məhv edilməsinə, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirmələrinə, 487 nəfərin yaralanmasına (onlardan 76 nəfəri uşaqdır), 1275 nəfərin əsir götürülməsinə, 150 nəfərin itkin düşməsinə, Ermənistanın Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etməsinə diqqəti cəlb ediblər.

Aksiya iştirakçıları Britaniya parlamentindən Xocalı soyqırımının qurbanlarına ədalət, Dağlıq Qarabağın işğaldan azad olunmasına dəstək tələb ediblər. Aksiya iştirakçıları "Ermənistanın işğalçılıq siyasətinə son!", "Qarabağ bizimdir, bizim olacaq!", "Xocalıya ədalət!", "Uşaq qatillərini durdurun!", "Saakyan, sən qatilsən!", "Böyük Britaniya, soyqırım günahkarlarını dəstəkləmə!" və s. şüarlar səsləndiriblər.