Fevralın 21-də Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə GAİM-in icraçı direktoru Aygül İsayeva, Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək, Beynəlxalq Ana Dili Gününün əhəmiyyəti, doğma dilimizin zəngin, ahəngdar olması, tarixi kökləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, milli-mədəni sərvətimiz olan Ana dili varlığımız, kimliyimiz, qürurumuzdur, onu qorumaq, inkişaf etdirmək, ədəbi dilin normalarına əməl etmək hər birimizin müqəddəs və mənəvi borcudur.
Daha sonra mərkəzdə təhsil alan gənclər görkəmli Azərbaycan şair və yazıçılarının əsərlərindən parçalar səsləndiriblər. Muğam ustası Asim Məmmədovun şagirdlərinin, o cümlədən Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ustası Şəbnəm Asif qızının ifasında muğam və xalq mahnıları təqdim olunub.
Xatırladaq ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESKO fevralın 21-i tarixini Beynəlxalq Ana Dili Günü elan edib. Bu addım Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin 1952-ci il fevralın 21-də öldürülməsi hadisəsinin unudulmaması naminə atılıb. Məqsəd – dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaqdır.