“Tatarıstan” ictimai birliyinin və “Dostluq məşəli” cəmiyyətinin II Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş birgə tədbiri keçirilib.
Tədbirdə "Tatarıstan" ictimai birliyin sədri Abas Minyayev, Qarabağ müharibəsi veteranı, ictimai xadim Larisa Namazova, Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev və başqaları çıxış ediblər.
Natiqlər bildiriblər ki, bu hadisə ölkəmizin vətəndaşları üçün əhəmiyyət daşıyır, çünki Azərbaycan bu qələbəyə böyük töhfələr verib. 700 minə yaxın həmvətənimizin cəbhəyə getdiyi, ölkəmizin cəbhəni yanacaqla, neftlə təmin etdiyi, zavodların əksəriyyətinin silah istehsalına keçdiyi, azərbaycanlıların arxa cəbhədə fasiləsiz işlədiyi, hospitallarda yaralıların müalicə edildiyi vurğulanıb. Qeyd olunub ki: II Dünya müharibəsində Azərbaycanın hər beşinci sakini silaha sarılaraq döyüşüb. 1941-ci ildə Respublikanın 3,4 milyon əhalisinin 681 mini (onların 10 mindən çoxu qadın olub) cəbhəyə yollanıb. Hərbi hissələr üçün 15 min tibb bacısı və sanitar drujinaçı qadın, 750 rabitə işçisi, 3 min sürücü hazırlanıb. Azərbaycan əhalisi şəxsi yığımlarından Müdafiə Fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl təhvil veriblər. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tank kolonnalarının və aviasiya eskadrilyalarının yaradılması fonduna 25 min rubl vəsait keçirib. Müəssisələrdə iş bir an belə dayanmayıb. Bütün şəhər gecə-gündüz cəbhə üçün çalışıb”.