Berlində soydaşlarımızla görüş keçirilib

23.02.2020

Almaniyanın paytaxtı Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, 30-a yaxın ölkədən Berlinə gələn soydaşlarımız, Azərbaycan evlərinin və "Qarabağ" Azərbaycan məktəblərinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı çıxış edən Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti, son illər Azərbaycan diasporunun yüksək səviyyədə təşkilatlanması baxımından həyata keçirilən çoxsaylı layihələr barədə danışıb və xaricdəki həftəsonu Azərbaycan məktəblərinin "Azərbaycan dili" dərsliyi ilə təmin olunmasının əhəmiyyətini qeyd edib.

Səfir diasporumuzun Ümumavropa Qarabağ mitinqində iştirakını yüksək qiymətləndirib. Qeyd edib ki, diaspor təşkilatları xeyli güclənib və inkişaf edib. Görülən işlərin soydaşlarımızın birliyində, koordinasiya olunmasında, ümumiyyətlə fəallığının artırılmasında rolu qeyd olunub. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həmvətənlərimizin ardıcıl və yorulmaz fəaliyyət göstərdikləri nəzərə çatdırılıb.

Görüşdə çıxış edən təşkilat rəhbərləri və diaspor fəalları bütün dünyada diaspor hərəkatının güclənməsi naminə görülən işləri təqdir etdiklərini bildiriblər. Müxtəlif ölkələrdə açılan Azərbaycan evlərinin və həftəsonu məktəblərin, diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən Ümumavropa Qarabağ mitinqinin əhəmiyyətindan danışılıb. Bu cür tədbirlərin dünya azərbaycanlılarının səsinin beynəlxalq təşkilatlara çatdırılması və ümummilli məsələlərdə diaspor təşkilatlarının birliyinin daha da gücləndirilməsi baxımından önəmli olduğu vurğulanıb. Belə təşəbbüslərin intensivləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından beynəlxalq tələblərə uyğun, dünya ictimaiyyətinin qəbul edəcəyi yeni formatlara üstünlük verilməsi kimi təkliflər irəli sürülüb.