“Azərbaycan Diaspor Könüllüləri” vikipediya təlimlərinə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil edilən təlimin məqsədi “Vikipediya”da məqalələrin yerləşdirilməsi ilə bağlı gənclərin maarifləndirilməsidir.
Təlimlərdə iştirak edən könüllülərin ölkəmizdə “Vikipediya” hərəkatına dəstək və töhfə verməsi, vikiensklopediyada müxtəlif dillərdə Azərbaycan həqiqətləri, milli-mədəni irsimiz və s. haqqında məqalələr yerləşdirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb.
2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Dövlət Komitəsində könüllülərlə iş üzrə müvafiq tədbirlər planı hazırlanıb. Diaspor Könüllülərinin təlimlərə cəlb edilməsi də tədbirlər planının bir istiqamətidir.