Moldovada gənclər forumu təşkil edilib

17.02.2020

Fevralın 15-də Kişinyov şəhərində Moldovada yaşayan gənc soydaşlarımızın "Güc birlikdədir" adlı forumu keçirilib.

Tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi və Moldova Azərbaycanlılar Kongresinin (MAK) təşkilatçılığı ilə baş tutub. Məqsəd - Moldovanın bütün bölgələrində yaşayan gənclərimizin bir araya gətirilməsi, onların problemlərinin dinlənilməsi, yerli cəmiyyətə inteqrasiyası və s. məsələlər ətrafında fikir mübadiləsinin aparılması olub.

"Mariott" otelinin konfrans zalında gerçəkləşdirilən forumda Moldava hökumətinin, Azərbaycan səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndələri, diaspor və MAK üzvləri, yerli KİV təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan və Moldovanın dövlət himnlərinin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin görkəmli şair Səməd Vurğunun “Azərbaycan” şeirinin məşhur bəndini söylədiyi video-çarxın nümayişi ilə başlanıb.

Forumda MAK sədri Heybət Məcidov, Moldova Mədəniyyət və Təhsil Nazirliyinin dövlət katibi İvan Georgiu, Millətlərarası Agentliyin Baş direktoru Nikolayu Reditsa, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, DİDK şöbə müdiri Ruslan Quliyev çıxış ediblər. Natiqlər tədbir münasibətilə gənclərimizi təbrik edərək, onlarla çalışmağa, fəaliyyətlərini və layihələrini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Moldovalı rəsmilər Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlıların problemləri ilə daim maraqlanmalarını gözəl nümunə adlandırıblar.

Forum iştirakçılarına DİDK sədri Fuad Muradovun salamları və xoş arzuları çatdırılıb. Qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət qaydaları barədə ətraflı məlumat verilib.

Gənclərimizə daim öz üzərlərində çalışmaq, yaşadıqları ölkənin rəsmi dilini mükəmməl öyrənmək, yerli cəmiyyətə sıx inteqrasiya etmək, savad və bacarıqları sayəsində uğurlu karyera sahibi olmaq, eyni zamanda doğma dili və milli kimliyi unutmamaq, tarixi Vətənlərinin maraqlarını qorumaq tövsiyə olunub.

MAK üzvləri Azərbaycanlı gənclərin 2 fevral Gənclər Günü münasibətilə Vyanada təşkil edilmiş görüşü barədə təəssüratlarından danışaraq, gənclərimizi mütəşəkkil fəaliyyətə və biri-birilərinə dəstək olmağa dəvət ediblər.