Ukraynanın Zaporijya şəhərində soydaşlarımızın təşəbbüsü ilə “Xankendi-Aze” adlı həvəskar futbol klubu yaradılıb. Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov klubun azərbaycanlı gənclər tərəfindən təsis edildiyini bildirib. Diaspor rəhbəri qeyd edib ki, Turxan Seyidlinin rəhbərliyi ilə fəaliyyət göstərən ”Xankendi-Aze” klubuna UABD sponsorluq edir. Klubun adı Dağlıq Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə daha geniş çatdırılması məqsədilə seçilib.
Fevralın 9-da “Xankendi-Aze” ilə “Alyans” komandası arasında görüş keçirilib və 2-2 hesabı ilə başa çatıb. Bu, yeni komandanın keçirdiyi sayca üçüncü görüşdür. UABD rəhbəri bildirib ki, “...gənclərimizin irəli sürdüyü vətənpərvərlik ruhunda olan layihələri həmişə dəstəkləyirik. İnanırıq ki, “Xankendi-Aze” özünü göstərərək diqqətləri cəlb edəcək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu ictimaiyyətə bir daha bəyan edəcəkdir.