“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Qahirədəki Açıq Amerika Universitetinin komissiyası üç saat davam edən dissertasiyanın müdafiəsindən sonra soydaşımızı ən yüksək qiymətlə (birinci dərəcəli fərqlənmə) doktorluq elmi dərəcəsinə layiq görüb. Komissiyada dünyanın ən qədim universiteti sayılan əl-Əzhər Universitetindən dəvət olunmuş professorlar təmsil olunublar.
337 səhifədən ibarət olan dissertasiya işində 146 mötəbər ərəb mənbələrinə istinad edilib, 150-dən çox azərbaycanlı alim haqqında yazılıb, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və əzəli torpaqları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, alimin magistr dissertasiya işi də Azərbaycana həsr edilib. O, ərəb mənbələrinə istinadən "Azərbaycanda ədəbi cərəyan" mövzusunda müdafiə edib.
Xatırladaq ki, S.Nəsirov 22 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. Onun çoxsaylı elmi və publisistik məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. Hazırda Qahirə Universitetində Azərbaycan dilini tədris edən alim 17 ildir ki, Misirdə təhsil alan 60 ölkədən olan 1000-dən çox xarici tələbəyə rəhbərlik edir. Onun Qahirədə təsis etdiyi Azərbaycan diasporu mərkəzində dünyanın 27 ölkəsindən Misirin müxtəlif universitetlərində təhsil alan 300-dən çox tələbə müxtəlif fənlər, o cümlədən Azərbaycan dili üzrə ödənişsiz təhsil alır.