Qətərdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bu ölkənin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Müreyxi ilə görüşüb.
Görüş zamanı Dövlət Komitəsinin sədri Fuad Muradov səfərin məqsədinin buradakı azərbaycanlı icmasının fəaliyyəti ilə tanışlıq xarakteri daşıdığını bildirib. Qeyd edib ki, Qətərdə üç yüzə yaxın azərbaycanlı yaşayır və soydaşlarımız heç bir problemlə üzləşmir. Digər ərəb ölkələrində Azərbaycan diasporunun yeni formalaşmağa başladığı, amma Qətərdə icmamızın çoxdan yaradıldığı diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti ilə Qətər Əmirinin yüksək səviyyəli şəxsi münasibətlərinin iki ölkənin əlaqələri baxımından çox böyük önəm daşıdığı, bu siyasi iradənin ölkələr və xalqların dostluq əlaqələrinin inkişafına təkan verdiyi vurğulanıb. Dünya miqyasında böyük nüfuza malik olan Qətərin təmsil olunduğu beynəlxalq təşkilatlarda daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyi, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı siyasəti pisləyərək Azərbaycanın yanında olduğu xüsusi qeyd edilib və buna görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.
Qətərdə keçiriləcək önəmli beynəlxalq tədbirlərdən danışan Sultan bin Səid Əl-Müreyxi ölkəsində gerçəkləşdirilən layihələrə azərbaycanlıların cəlb olunduğunu və onların xüsusi rol oynadıqlarını bildirib. Nazir ölkəmizdə dəfələrlə səfərdə olduğunu, Bakıya heyran qaldığını, azərbaycanlılara böyük hörmət və ehtiramla yanaşdığını vurğulayıb.